"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1639
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ötən il də dövlətimizin başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən olub
Mətbuat xidmətinin məlumatı 31 Yanvar, 2018
Yanvarın 31-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən komitə sədri Əli Həsənov gündəliyə daxil edilmiş məsələlərin müzakirəsi zamanı əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı və yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı geniş və proqram xarakterli nitqlərində səsləndirdiyi müddəalara və qarşıya qoyduğu vəzifələrə yönəldib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ötən il ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub. “Biz gündəlik yerli və xarici KİV-dən dünyada baş verən acınacaqlı prosesləri, kütləvi insan tələfatları ilə nəticələnən qırğınları, müharibələri izləyirik. Hazırda bütün dünyada iqtisadi və maliyyə böhranı tüğyan edir. Bütün bu proseslərin fonunda Azərbaycan 2017-ci ili uğurla başa vurdu. Ən əsası dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanda ictimai sabitlik təmin edilib. Sabitlik olmayan yerdə heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu sabitliyin əsas səbəbi də Azərbaycan xalqı və hakimiyyətinin birliyidir”, - deyə Əli Həsənov bildirib. Baş nazirin müavini Azərbaycan Prezidentinin son iclaslardakı çıxışında səsləndirdiyi əsas müddəalara istinad etməklə ötən il ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını diqqətə çatdırıb, həmçinin dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə qazandığı nailiyyətlərdən, diplomatik uğurlardan, respublikamızın dünya birliyində reytinqinin yüksəlməsinə səbəb olan amillərdən ətraflı söhbət açıb. Dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən Əli Həsənov bildirib ki, dünyada hökm sürən qlobal böhran və neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi çətinliklər yaranmasına baxmayaraq, müxtəlif istiqamətlər, o cümlədən sosial proqramlar üzrə nəzərdə tutulmuş bütün layihələr uğurla icra edilib. Son 14 ildə Azərbaycanda 30 elektrik stansiyası istifadəyə verilib. Ölkə üzrə qaz təminatı 93 faizə çatdırılıb. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi. Hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Bu müddət ərzində 12 min 300 kilometr yol çəkilib. İqtisadiyyatımız 3,2 dəfə artıb. Bu müddətdə qeyri-neft sektoru 2,8 dəfə artıb. Azərbaycan Prezidenti hər zaman qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. Məhz buna görədir ki, dünyada neftin qiymətinin aşağı düşdüyü, iqtisadi, maliyyə böhranının yaşandığı vaxtlarda Azərbaycan iqtisadiyyatı inkişaf meyilliliyini saxladı. Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət ayırdığını qeyd edən Baş nazirin müavini bildirib ki, məhz bunun sayəsində bu gün sahibkarlar Azərbaycan iqtisadiyyatının inkişafına töhfələrini verirlər. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in bütün dünyada Azərbaycan brendi kimi tanındığını qeyd edən Əli Həsənov deyib: “Bu cür model dünyada ilk dəfə Azərbaycanda yaradılıb. Bu gün dünyanın müxtəlif ölkələrindən gəlib Azərbaycanın bu təcrübəsini öyrənirlər. Müxtəlif ölkələrdə artıq Azərbaycanın bu modeli tətbiq olunur”. Azərbaycanın əldə etdiyi bütün bu uğurların təməlində ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə hazırlanan neft strategiyasının dayandığını qeyd edən komitə sədri bildirib ki, əgər Ulu Öndər tərəfindən uzaqgörənliklə hazırlanan neft strategiyası olmasaydı, bəlkə də bu gün qazanılan nailiyyətlərə tam çatmaq mümkün olmazdı. Azərbaycanda daxili çəkişmələrin getdiyi, sabitliyin olmadığı bir vaxtda dünyanın tanınmış neft şirkətləri ilə birgə “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisədir. Ölkəmizin belə ağır günlərində bu cür böyük şirkətlərin Azərbaycana sərmayə qoymasının tək səbəbi isə onların Ulu Öndərə olan inamı idi. Kollegiya iclasında Baş nazirin müavini bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakına və Forum çərçivəsində “Strateji baxış: Avrasiya” panelindəki müzakirələrdə çıxışına toxunaraq bildirib ki, dövlətimizin başçısı həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı konkret fikirlər səsləndirdi və Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti barədə hərtərəfli məlumat verdi. Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu Davosda da bir daha bəyan etdiyini bildirən Ə.Həsənov deyib ki, Azərbaycan reallıqlarının Dünya İqtisadi Forumu kimi mötəbər bir tribunadan səsləndirilməsi müstəsna əhəmiyyətə malik olmaqla, həmçinin ölkəmizin siyasi iradəsini nümayiş etdirdi. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycanla bağlı qərəzli məlumat yayanlara tutarlı cavab oldu. Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu vurğulayan Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli məcraya qoşulmadığımızı bəyan etdi. Azərbaycan Prezidentinin hər il bu mötəbər tədbirdə iştirakı ölkəmizin dünya miqyasında böyük nüfuza malik olduğunun göstəricisidir. Ötən il Azərbaycan iqtisadiyyatının rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görüldüyünü, bu yaxınlarda isə Forumun ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında ölkəmizin üçüncü yerə layiq görüldüyünü məhz bu nüfuzla və aparılan uğurlu siyasətlə əlaqələndirən Baş nazirin müavini diqqətə çatdırıb ki, bu gün Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb və bütün bunlar həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə xidmət edəcək. Forum çərçivəsində ifadə olunan fikirlər ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyini deməyə əsas verir. Dövlətimizin başçısının ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli yollarını daim önə çəkməsini bu təbəqədən olan soydaşlarımıza hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirən Əli Həsənov deyib: “Prezident budəfəki çıxışlarında da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə nəzərdə tutulan tədbirlərdən danışaraq problemin həlli yollarını da müəyyənləşdirib. Bildirib ki, bu təbəqədən olan soydaşlarımızın problemləri daim diqqət mərkəzindədir, köçkünlərlə bağlı məsələlər öz həllini tapır”. Prezidentin də vurğuladığı kimi, bu baxımdan 2017-ci ilin də əlamətdar il olduğunu və keçən il 2300 ailənin - 12 mindən çox məcburi köçkünün yeni evlərlə, mənzillərlə təmin olunduğunu diqqətə çatdıran Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısının bu problemi yenə də diqqət mərkəzində saxlayaraq önə çəkməsi, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə xüsusi önəm verməsi özlüyündə bir daha qaçqın və məcburi köçkün probleminin Azərbaycan dövləti üçün və şəxsən Prezident İlham Əliyev üçün nə qədər həssas xarakter daşıdığını sübut edir. Prezidentin bu istiqamətdə cari ildə görüləcək işlərlə bağlı səsləndirdiyi fikirlərə istinad edən Ə.Həsənov deyib ki, qarşıya ciddi vəzifələr qoyulub. Belə ki, bu il də yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq və bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq, ən azı 20 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Ümumilikdə götürdükdə, ötən ilin Azərbaycan üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, eləcə də bu dövr ərzində ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına və perspektiv inkişafına yönələn müvafiq sərəncamlarını, dövlət başçısının kəndin bərpasından sonra burada görülən işlərlə tanış olmaq məqsədilə bu əraziyə səfərini, bu səfərdən sonra kəndin bərpasının davam etdirilməsi ilə bağlı imzaladığı növbəti Sərəncamın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş nazirin müavini bildirib ki, artıq kənddə ikinci mərhələdə aparılan bərpa işləri də Prezidentin tapşırığı və nəzarəti altında qısa müddət ərzində, yüksək keyfiyyətlə başa çatdırılıb. Ən başlıcası isə dövlətimizin başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır. Yəni, bu gün bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu cür tədbirlərin dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də yüksək dəyərləndirildiyini vurğulayan Əli Həsənov deyib: “Təkcə ötən il Cocuq Mərcanlıdan sonra vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 1170 məcburi köçkün ailəsi üçün inşa edilmiş və açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi müasir şəhərcik də deyilənləri təsdiqləyir. Ötən il bu qəsəbənin açılışını məcburi köçkünlərin problemlərinin həlli işində çox önəmli, həmçinin tarixi hadisə kimi dəyərləndirən dövlətimizin başçısının da vurğuladığı kimi, vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində 1170 ailə üçün tikilmiş şəhərciyin açılışı bir tərəfdən onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən isə onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları, qəsəbələr salınır və minlərlə köçkün bu torpaqlara qayıdır”. Bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov bildirib ki, uzun illərdir davam edən münaqişənin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Ancaq Ermənistan hələlik konstruktiv mövqe nümayiş etdirmir və münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışır. Azərbaycan isə buna yol verməyəcək. Cocuq Mərcanlının yenidən qurulması, işğaldan azad edilmiş Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün bu cür şəhərciyin salınması onu göstərir ki, Azərbaycan dövləti işğaldan azad ediləcək bütün ərazilərdə qısa müddət ərzində bu cür təmir-bərpa işləri aparacaq, şəhərləri, kəndləri yenidən quracaq, indi dağıdılmış vəziyyətdə olan şəhər və kəndlərimizə də tezliklə bu cür həyat qayıdacaq. Əli Həsənov bildirib ki, ölkəmizdə akkreditə olunmuş xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinin, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərlərinin ötən il Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Cocuq Mərcanlıya və Tərtər rayonuna səfərləri təşkil edilib. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan, Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, 1978-ci ildə ermənilərin özləri tərəfindən ucaldılmış, 1988-ci ildə dağıdılmış, hazırda qalıqları Tərtər rayonunun Şıxarx kəndinin ərazisində olan “Marağa–150” abidəsinin Azərbaycan Prezidentinin tapşırığına əsasən bərpa edildiyini diqqətə çatdıran komitə sədri deyib ki, bu tarixi abidənin ərazisi abadlaşdırılıb, arxiv sənədləri, fotoşəkillər əsasında Azərbaycan, rus, ingilis və fars dillərində stendlər quraşdırılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərə qayğısından bəhs edən komitə sədri deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş Mehriban Əliyeva bu ali vəzifədə ilk müşavirəsini ötən il martın 9-da məhz Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi və çox ciddi tapşırıqlar verdi. Bundan sonra Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni binaların tikintisinə start verildi. Onların müxtəlif ərazilərdə yeni mənzillərlə təmin olunması və bu işlərin bu gün də uğurla davam etdirilməsi ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının daha bir əyani sübutudur. Təkcə onu qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən Ə.Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritetidir. Bakı və Sumqayıt şəhərlərindəki digər qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Ə.Həsənov bir daha diqqətə çatdırıb ki, dövlətimizin başçısının da, ölkənin Birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir. Kollegiya iclasında Baş nazirin müavini qeyd etdi ki, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri öz ərazilərində görülmüş işlər haqqında hesabat verərkən bilməlidirlər ki, bütün bunlar Azərbaycan Prezidentinin fərman və sərəncamları əsasında və onun gündəlik diqqət və qayğısı ilə həyata keçirilir. Bu, onların hesabatlarında mütləq əksini tapmalıdır. İclasda Əli Həsənov Baş nazirin müavini, YAP sədrinin müavini səlahiyyətləri çərçivəsində işğal altında olan rayon icra hakimiyyəti başçılarına məcburi köçkünlərlə mülayim davranmaq, onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara lazımi xidmətləri göstərmək, səlahiyyətləri çərçivəsində məcburi köçkünlərin problemlərinin həllinə nail olmaq göstərişlərini də verib. Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı, həmçinin bildirilib ki, bu təbəqədən olan soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi məqsədilə uzunmüddətli, kompleks vəzifələr müəyyənləşdirilib və ötən müddət ərzində Dövlətqaçqınkomun kollektivi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb və bu gün də görülməkdədir. Ölkə həyatının bütün sahələrinin dinamik inkişafı, qazanılan nailiyyətlər, ən başlıcası isə dövlət başçısının bu sahəyə müntəzəm qayğı və diqqəti əldə olunan uğurların əsasını təşkil edir. Kollegiya iclasında vurğulanıb ki, Azərbaycan Prezidentinin ölkəmizin əsas problemi elan etdiyi və gündəlik diqqət mərkəzində saxladığı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı mühüm tapşırıq və göstərişlərinin, bu sahə ilə bağlı dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramı və ona edilmiş əlavələrdə, digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin ardıcıl və tam şəkildə təmin edilməsi üçün Dövlətqaçqınkomun kollektivi bundan sonra da əzmlə çalışacaq, bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həlli ilə bağlı qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirəcək. Cari və həlli vacib məsələlərin geniş müzakirə edildiyi kollegiya iclasına yekun vuran Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov Prezident tərəfindən imzalanmış müvafiq fərman, sərəncam və Dövlət Proqramında, ona edilmiş əlavələrdə, eləcə də ölkə başçısının Nazirlər Kabinetinin son iclasındakı nitqində qarşıya qoyulmuş vəzifələrin birmənalı şəkildə, vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayıb. O, Dövlətqaçqınkomun bütün sahələrdəki fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı yeni və əsas istiqamətləri önə çəkməklə hazırda kollektivin qarşısında daha ciddi vəzifələr qoyulduğunu diqqətə çatdırıb, komitənin struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini verib. Əli Həsənov deyib: “Komitədə mərkəzləşmiş vahid kompüter uçotu sisteminin mövcud olmasına baxmayaraq, aktual məsələlərdə, məsələn, müavinət alan məcburi köçkünlərin qəsəbələrdə, müxtəlif nazirlik və fondların verdiyi, həmçinin kompensasiya vasitəsilə verilən mənzillərin paylanışında mənzil alan məcburi köçkünlərin, miqrasiya olunan məcburi köçkünlərin vahid kompüter uçotu sisteminin yaranmasına yenidən baxılmalı, işğal altında olan rayon icra hakimiyyətlərində və komitədə kompüter uçot sektoru və şöbələri gücləndirilməli, daha peşəkar kadrlarla kompletkləşdirilməlidir”. Əli Həsənov onu da diqqətə çatdırıb ki, məcburi köçkünlərlə əlaqədar icra orqanlarının vəzifə və səlahiyyətləri mövcud qanunvericilik aktları və qaydalarına əsasən dəqiq müəyyənləşdirilib, onların qəbul olunmasından uzun müddət vaxt keçdiyi, ötən dövr ərzində yeni situasiyalar yarandığı üçün daxili miqrasiya və koordinasiyaya nəzarətinin gücləndirilməsi, bu sahədə səlahiyyətlərin yenidən dəqiqləşdirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qaydalara yenidən baxılması məqsədəuyğun olardı. İclasda, həmçinin 2018-ci il prezident seçkiləri ilə əlaqədar kollektivin qarşısında duran təşkilati vəzifələr də müzakirə olunub. YAP sədrinin müavini Əli Həsənov bununla bağlı müvafiq tapşırıqlarını verib. Kollegiya iclasında hər gün komitənin inzibati binasında məcburi köçkünlərin problemləri ilə məşğul olduqları üçün əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin başçılarının müavinləri də iştirak ediblər.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi