Dövlət Komitəsində məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihə müzakirə edilib 4.10.2018
Dövlət Komitəsində məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihə müzakirə edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri ilə görüş olub. Görüşdə GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirməyi planlaşdırdığı layihə müzakirə edilib.
Komitə sədrinin müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərlə iş üzrə dövlət siyasətinin əsas istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin, sosial təminatının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Bununla belə, Ermənistanın təcavüzü və Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında beynəlxalq təşkilatların dəstəyi mühüm əhəmiyyət kəsb edir.
Komitə sədrinin müavini GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı gördüyü işlərə görə təşəkkür bildirib. Layihənin növbəti mərhələsinin işğaldan azad olunacaq ərazilərdə gerçəkləşdiriləcəyinə inam ifadə olunub.
GİZ-in nümayəndələri Dövlət Komitəsi ilə əməkdaşlıqdan razılıq edib, məcburi köçkün gənclərin və qadınların, həmçinin onların mənsub olduğu icmaların həyat keyfiyyətinin yaxşılaşdırılmasında layihənin təsirli rol oynayacağını bildiriblər.
Qeyd edək ki, Azərbaycan və Gürcüstanda icra edilməsi nəzərdə tutulan layihə Cənubi Qafqazda məskunlaşmış məcburi köçkün və aztəminatlı əhalinin maddi rifahının yüksəldilməsinə yardım etmək məqsədi daşıyır. Layihənin büdcəsi 6 milyon avro təşkil edir. Layihə çərçivəsində şəxsi inkişaf, peşə təhsili üzrə qısamüddətli kurslar, sahibkarlıq və konkret sahələr üzrə 6-7 aylıq treninqlər keçirilməsi nəzərdə tutulur.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az