Dövlət Komitəsinin sədri Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri ilə görüşüb 7.5.2019
Dövlət Komitəsinin sədri Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri ilə görüşüb
Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşlikatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, həmçinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsinin işğalı ilə bağlı narahatlığının ifadə olunduğu, münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiqləyən 25 yanvar 2005-ci il tarixli 1416 saylı qətnaməsinin hələ də icra edilmədiyi diqqətə çatdırılıb.
Dövlət Komitəsinin sədri bildirib ki, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlar qəti addımlar atmalı, insanların pozulmuş hüquqları bərpa edilməlidir.
Qeyd olunub ki, münaqişədən zərər çəkən, ağır məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlərlə bağlı ölkəmizdə ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan çox az ölkələrdəndir ki, münaqişənin siyasi həllini tapmamış məcburi köçkünlərin sosial rifahını və mənzil- məişət şəraitini yaxşılaşdırır. Prezident İlham Əliyev bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, habelə məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həlli üçün məqsədyönlü iş aparır.
Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qessel qəbula görə təşəkkürünü bildirib, Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bunun bütün dünya üçün mühüm təcrübə olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az