Dövlət Komitəsində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ilə görüş keçirilib 11.7.2019
Dövlət Komitəsində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ilə görüş keçirilib
İyulun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı xanım Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşkilatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd olunub ki, təcavüzkar Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqla bu ərazilərin əzəli sabibi olan yüz minlərlə insanın hüquqlarını pozmaqda davam edir. Eyni zamanda bildirilib ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş üzrə düşünülmüş və effektiv dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, maddi rifahının yüksəldilməsini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həlli üçün məqsədyönlü iş aparır.
Xanım Dunya Miyatoviç görüşə və ətraflı məlumata görə təşəkkür edib, Dövlət Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu bildirib.
İyul ayının 9-da Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanası və Sabunçu rayonunda salınan "Şuşa şəhərciyi"ndə məcburi köçkünlərlə görüş keçirdiyini xatırladan Dunya Miyatoviç ölkəmizə yenə səfər edəcəyini söyləyib.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az